BAKI, 10 aprel. TELEQRAF

“Gürcüstanın “3+3” formatında iştirakı sərbəst müzakirə oluna bilər”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu politoloq İrakli Qoqava "İmedi" telekanalında yayımlanan “Günün xronikası” proqramında deyib.

Onun sözlərinə görə, istənilən dialoq formatında iştirak faydalıdır.

“Biz “3+3” formatında iştirak barədə düşünə bilərik. İlk üçlük Gürcüstan, Ermənistan, Azərbaycan, ikinci üçlük isə yaxın böyük qonşular - Rusiya, İran və Türkiyədən ibarətdir. İran və Türkiyə Ukraynadakı müharibə fonunda kifayət qədər konstruktiv mövqe tutdular və Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə imkan verməməklə bağlı razılığa gəldilər”, - İ.Qoqava söyləyib.

Qeyd edək ki, “3+3” platformasının ilk toplantısı 2021-ci ildə Moskvada baş tutub. Gürcüstan regional əməkdaşlıq formatında Rusiyaya görə iştirakdan imtina edib. Rəsmi Tbilisi bəyan edib ki, Gürcüstanın ərazilərini işğalda saxlayan Rusiyanın olduğu formata qoşulmaq mümkün deyil.