TBİLİSİ, 10 aprel. TELEQRAF
“Cənubi Qafqazda qonşularımız - Türkiyə və Azərbaycanla tərəfdaşlıq əsasında çoxlu uğurlu layihələr reallaşdırılıb. Bu layihələr artıq onilliklərdir mövcuddur və region ölkələri arasında qonşuluğun yaxşı nümunəsidir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, bölgə ölkələri daha geniş region üçün yeni imkanlar təklif edə bilərlər.
“Bu məsələdə Avropa İttifaqının strategiyası çox vacibdir. Gürcüstan Avropa İttifaqının bir hissəsi olmaq kimi çox açıq ambisiyaya malik Qara dəniz ölkəsidir. Biz Avropa İttifaqına üzv olmaq istədiyimizi və bu istiqamətdə irəlilədiyimizi açıq şəkildə ifadə etmişik. Hər şey regionda hadisələrin, Rusiya-Ukrayna müharibəsinin necə inkişaf etməsindən asılıdır. Ümid edirəm ki, müharibə beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sona çatacaq”, - XİN başçısı söyləyib.
M.Boçorişvili bağlantı sahəsində əməkdaşlığın Gürcüstan və Aİ üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.
“Bu əməkdaşlığın inkişafı üçün Gürcüstanın Avropaya, Avropanın isə Gürcüstana ehtiyacı var. Bu yaxınlarda biz Macarıstan, Rumıniya və Azərbaycanla birlikdə Avropa İttifaqı üçün çox vacib olan yaşıl enerji layihəsini imzaladıq”, - nazir deyib.