BAKI, 10 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın hərbi köməkçilərindən biri prezident təyyarəsinin fövqəladə təxliyə üçün nəzərdə tutulan şişmə trapını səhvən işə salıb.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbəyə istinadən məlumat yayıb.

Hadisə Trampın Texas ştatının Dallas şəhərinə səfəri ərəfəsində baş verib və prezident təyyarəsinin uçuşunun gecikməsinə səbəb olub.

Tramp jurnalistlərə açıqlamasında trapın açılmasını sistemin yoxlanılması ilə əlaqələndirib.

“Onlar hər şeyin mükəmməl işlədiyinə əmin olmaq istəyirlər”, – ABŞ Prezidenti bildirib.

NYT-nin məlumatına görə isə trap yoxlama məqsədilə deyil, Trampın hərbi köməkçilərindən birinin səhvi nəticəsində açılıb.

Ağ Evin jurnalist hovuzunun məlumatına görə, Tramp helikopterlə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına gəldikdən sonra bir müddət helikopteri tərk etməyib. Jurnalistlər bu zaman Qətər kral ailəsinin ABŞ Prezidentinə hədiyyə etdiyi yeni prezident təyyarəsinin ön hissəsində təxliyə trapının açıldığını görüblər.