BAKI, 5 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sentyabrın 1-2-də Şimali Karolina ştatının Çapel-Hill şəhərində keçirilən G20-nin innovasiyalar üzrə toplantısını məhsuldar və tarixi əhəmiyyətli görüş kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
“İnnovasiyalar G20-yə qayıtdı. Dünya ölkələri anlayırlar ki, innovasiyalar iqtisadi artıma, iqtisadi artım isə rifaha gətirib çıxarır”, – ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, hazırda G20-yə sədrlik edən ABŞ toplantıda bütün iştirakçıların konsensusuna nail olub.
“Hamı Karolina prinsipləri ilə razılaşdı: yeni texnologiyalara sərmayə qoymaq, onları inkişaf etdirmək, kommersiyalaşdırmaq və tətbiq etmək. Əlavə tənzimləmə deyil, ağıllı qaydalar və standartlar”, – o qeyd edib.
ABŞ Prezidenti ölkəsinin süni intellekt sahəsində lider olduğunu da iddia edib və digər dövlətlərin Vaşinqtonun nümunəsini izləməli olduğunu bildirib.
Toplantıda Rusiya nümayəndə heyəti də iştirak edib. Yekun bəyanatda G20 ölkələri innovasiyaların dəstəklənməsi və süni intellektdən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə təhlükəsiz və etibarlı süni intellekt modellərinə çıxışın təmin edilməsinin tərəfdarı olduqlarını bildiriblər.