BAKI, 4 sentyabr. TELEQRAF

ABŞ-də COVID-19 əleyhinə peyvəndləmənin amerikalı hərbçilərin ölüm halları ilə mümkün əlaqəsi araşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ səhiyyə nazirinin müşaviri, hərbi həkim Tereza Lonq müdafiə naziri Pit Heqset və səhiyyə naziri Robert Kennedi-kiçiklə birlikdə 2021-2022-ci illərdə hərbçilər arasında qeydə alınan ölüm hallarının peyvəndləmə ilə mümkün əlaqəsini araşdırır. Həmin dövrdə hərbçilər üçün COVID-19 peyvəndi məcburi idi.

Lonq məhkəmədə bildirib ki, ona peyvəndləmədən sonra baş vermiş 28 ölüm halı barədə məlumat verilib. Bununla belə, bu ölümlərin peyvənddən qaynaqlandığı hələ təsdiqlənməyib.

“Politico”nun istinad etdiyi 2024-cü il araşdırmasında Pfizer və Moderna peyvəndlərindən sonra bir neçə yüz nəfərdə ürək əzələsinin iltihabı hallarının qeydə alındığı bildirilir. Pentaqonun bu ilki hesabatında da peyvəndləmədən sonra hərbçilər arasında ürək xəstəliklərinin artdığı qeyd olunsa da, peyvəndlə əlaqələndirilmiş ölüm halı göstərilməyib.

Lonq həmçinin ABŞ-nin peyvəndlərin əlavə təsirləri barədə hesabat sistemində hərbçilərlə bağlı qeydə alınmış 2544 təsdiqlənməmiş ölüm bildirişinin COVID-19 peyvəndləri ilə əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək niyyətindədir.

Araşdırmanın bir il ərzində tamamlanması gözlənilir.