BAKI, 10 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın gələcəkdə üçtərəfli görüş keçirə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin sualını cavablandırarkən deyib.
“Bu, baş verə bilər. Yaxşı söhbətimiz oldu. Bu, baş verə bilər”, - Tramp bildirib.
ABŞ lideri bununla sentyabrın 8-də Putinlə apardığı telefon danışığını nəzərdə tutub. Tramp mümkün üçtərəfli görüşün konkret nə vaxt keçirilə biləcəyi barədə suala isə cavab verməyib.
“Mən bütün həyatım boyu danışıqlar aparmışam. Razılaşmaların necə əldə olunduğunu bilirəm”, - Tramp bildirib.
O, Putinin razılaşma əldə etmək istədiyini düşündüyünü deyib, Zelenskinin isə eyni mövqedə olub-olmadığını şübhə altına alıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun daha əvvəl verdiyi məlumata görə, Putin və Tramp arasında sentyabrın 8-də keçirilən telefon danışığı bir saat davam edib və əsasən Ukrayna münaqişəsinin nizamlanması məsələlərinə həsr olunub.