BAKI, 8 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşneri “dünyanın ən güclü sülhməramlılarından biri” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X səhifəsində yazıb.

Dmitriyev Kuşnerin “dünyanın ən nüfuzlu diplomatlarından biri” adlandırıldığı “The Wall Street Journal” (WSJ) nəşrinin məqaləsinə belə cavab verib:

“Və dünyanın ən güclü sülhməramlılarından biri”.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner ötən həftə Moskva və Kiyevə səfər edərək Rusiya-Ukrayna müharibəsinin həlli perspektivləri ilə bağlı danışıqlar aparıb. Görüşlərdən sonra Uitkoff Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli sammitin keçirilə biləcəyini açıqlayıb.

ABŞ rəsmilərinin səfərindən sonra Ukraynada Uitkoff və Kuşnerin Kiyevə çox pis təkliflərlə gəldiyinə dair fikirlər səsləndirilib. Məsələn, Ukrayna Ali Radasının deputatı Anna Skoroxod söyləyib ki, bu, heç də irəliləyiş deyil, Kiyevə əvvəlkindən daha pis şərtlərlə gəliblər: “Şərtləri daha da pisləşdiriblər. Əgər əvvəllər Konstitusiyaya dəyişiklik edilməsi və Rusiya tərəfindən işğal edilmiş ərazilərin tanınması tələb olunmurdusa, indi bunu tələb edirlər. Orada demək istəmədiyim bir sıra başqa nüanslar da var”.

Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ-nin yeni sülh planında müəyyən ideyaların müsbət olduğunu bəyan edərək, əlavə təfərrüat verməyib. Həmçinin o, Uitkoff və Kuşnerlə görüşdən sonra Ukraynanın Donbasdan imtina etməyəcəyini bəyan etmişdi.