BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ-də iqtisadi fəallıq son iki ay ərzində mülayim şəkildə artıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) ölkədəki iqtisadi tendensiyaları əks etdirən “Bej kitab” hesabatında bildirilib.
Hesabata əsasən, iqtisadi artımı ilk növbədə məlumat mərkəzlərindən gələn yüksək tələbat təmin edib. Bu mərkəzlər məlumatların saxlanılması və müxtəlif proqram təminatlarının, o cümlədən süni intellekt sistemlərinin işləməsi üçün istifadə olunur.
FED-in ABŞ iqtisadiyyatının perspektivləri ilə bağlı proqnozu ümumilikdə müsbətdir. Bununla belə, enerji qiymətləri və geosiyasi vəziyyətlə bağlı qeyri-müəyyənlik fonunda ayrı-ayrı sektorlarda əhvali-ruhiyyə fərqlənib.
Ölkənin əksər hissəsində müdafiə məhsullarına və məlumat mərkəzlərindən daxil olan sifarişlərə tələbat hesabına istehsal fəallığı yüksəlib. Məşğulluqda isə cüzi artım qeydə alınıb.
Əmək qüvvəsinə daha davamlı tələbat əsasən emal sənayesi, tikinti və bəzi xidmət sahələrində müşahidə olunub. Pərakəndə ticarət və mehmanxana sektorunda isə işçi qüvvəsinə tələbat azalıb.
Qeyd edək ki, FED iyul iclasında baza faiz dərəcəsini dəyişməz saxlayıb. ABŞ tənzimləyicisinin faiz dərəcəsi ilə bağlı növbəti iclası sentyabrın 15-16-da keçiriləcək.