BAKI, 8 sentyabr. TELEQRAF
ABŞ-nin Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan “Amazon Prime Air” yük təyyarəsinin “qara qutuları” tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına (NTSB) istinadən məlumat yayıb.
Müstəntiqlər təyyarənin uçuş məlumatlarını qeydə alan cihazı və pilot kabinəsindəki səs yazıcısını aşkar ediblər. Hər iki cihaz araşdırılmaq üçün NTSB-nin Vaşinqtondakı qərargahına göndərilib.
“21 Air” şirkətinin istismar etdiyi “Boeing 767-33A” tipli yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından təxminən 396 metr kənara çıxaraq iki avtomobilə çırpılıb.
Qəza nəticəsində yerdə olan 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Təyyarənin pilotu və ikinci pilotu isə sağ qalıb.
NTSB rəhbəri Cennifer Homendi bildirib ki, qəzanın dəqiq səbəbi araşdırma başa çatdıqdan sonra müəyyən ediləcək.