BAKI, 10 sentyabr. TELEQRAF
“34 ildən sonra ilk dəfə Cəbrayıla ayaq basacağam. Çox həyəcanlıyam”.
Bunu Teleqraf-a açıqlamasında keçmiş məcburi köçkün Zeynəb Mustafayeva deyib.
Birinci Qarabağ müharibəsi zamanı doğma yurdunu tərk etmək məcburiyyətində qalan Zeynəb Mustafayeva həmin ağır günləri belə xatırlayıb:
“Cəbrayıldan çıxanda yanımda həyat yoldaşım və üç azyaşlı uşağım var idi. Evdən heç bir əşya götürə bilmədik. Yolda uşağa verməyə bir içim suyumuz belə yox idi. Məcburi köçkünlük illərində Sumqayıtda yataqxanada yaşadıq. Şükürlər olsun ki, artıq doğma yurda qayıda bilirik”.
Onun sözlərinə görə, bu dəfə doğma torpağına həyat yoldaşı, oğlu və nəvələri ilə birlikdə qayıdır:
“Arzum doğma diyarımızda xeyirli, sağ-salamat yaşamaqdır. Prezidentimizə cansağlığı arzulayıram, əsgərlərimizi Allah qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Vətənimizə xoş və firavan günlər nəsib olsun”.