İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, ölkəsinin fələstinliləri Qəzza zolağından zorla çıxarmaq və ya qovmaq planı yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Saar İsrail səfirliyinin açılışında iştirak etdiyi Lyublyanada keçirilən mətbuat konfransında bildirib: "Biz Qəzza zolağından heç kimi qovmağı və ya deportasiya etməyi planlaşdırmırıq. İsrail Qəzzanı könüllü olaraq tərk etmək qərarına gələnləri qəbul etməyə hazır bir ölkə tapılarsa, mane olmayacaq. Biz heç kimi iradəsinə zidd olaraq məcbur etməyəcəyik".
Qeyd edək ki, bu açıqlama İsrail hökuməti daxilində fələstinlilərin Qəzzadan mümkün köçürülməsi ilə bağlı fikir ayrılıqları fonunda verilib. Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç əvvəllər zolaq sakinlərini ərazini tərk etməyə təşviq etmək üçün tədbirlər görməyi təklif etmişdilər.
Ötən həftə İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, fələstinlilərin Qəzzadan kütləvi şəkildə çıxmasını dəstəkləmək planları müzakirə mövzusu olaraq qalır. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bu planları yalnız dondurub, lakin onlar gündəmdən tamamilə çıxarılmayıb.
Katz bəyan edib ki, nəticə etibarilə, bu immiqrasiya olmadan Qəzza üçün real həll yolu yoxdur.