BAKI, 5 sentyabr. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin 50-yə yaxın əməkdaşı mediaya məlumat sızması ilə əlaqədar poliqraf yoxlamasından keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, yoxlamaya həm hərbi, həm də mülki əməkdaşlar cəlb olunub. Onlardan jurnalistlərə məxfi məlumatlar, eləcə də ABŞ-nin sursat ehtiyatlarının azalması barədə informasiyalar ötürüb-ötürmədikləri soruşulub.
Poliqraf yoxlamaları avqust ayında mediada ABŞ-nin sursat ehtiyatlarının, o cümlədən “Patriot” raketlərinin vəziyyəti ilə bağlı məlumatlar yayıldıqdan sonra aparılıb.
Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə sözçüsü Şon Parnell bildirib ki, Müdafiə Nazirliyi daxili araşdırmaları və əməkdaşlarla bağlı məsələləri şərh etmir.
O, eyni zamanda milli təhlükəsizliklə bağlı məxfi məlumatların sızmasına son dərəcə ciddi yanaşıldığını və belə halların müvafiq qaydada araşdırıldığını vurğulayıb.