BAKI, 10 sentyabr. TELEQRAF

Hörmüz boğazı vasitəsilə gündə təxminən 11 milyon barel neft və neft məhsulu daşınır.

Teleqraf xəbər verir ki, bunu ABŞ energetika naziri Kris Rayt “Bloomberg TV”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son yeddi gün üzrə orta göstəriciyə əsasən, Hörmüz boğazından gəmilərlə gündə 11 milyon bareldən bir qədər az neft və neft məhsulu daşınıb.

Rayt əlavə edib ki, daha 3-5 milyon barel neft isə boğazdan yan keçən boru kəmərləri vasitəsilə nəql olunur.

ABŞ energetika naziri bildirib ki, Amerika hərbi gəmiləri ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə kömək edir. O, boğazın hələ də münaqişə zonası olaraq qaldığını vurğulayıb.

Qeyd olunur ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən 25 faizinin, mayeləşdirilmiş təbii qaz ticarətinin isə 20 faizinin keçdiyi əsas enerji marşrutlarından biridir.