BAKI, 10 sentyabr. TELEQRAF

“Belə bir komandaya qarşı oynamaq ciddi məsuliyyət, eyni zamanda böyük həyəcandır. Meydana sadəcə təslim olmaq və ya müdafiə olunmaq üçün çıxmırıq. Öz oyunumuzu göstərməyə və şanslarımızı dəyərləndirməyə çalışacağıq”.

Teleqraf xəbər verir ki, bunu Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah İngiltərədə “Mançester Yunayted”lə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

Litvalı mütəxəssis hazırlığı belə dəyərləndirib:
"Bir şeyi xüsusi qeyd etmək istəyirəm ki, hazırda nəticələr barədə düşünməyi hədəfləmirik. Bu mərhələdə bizim üçün əsas olan çıxışımızdır. Dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşarkən əslində nə qədər yaxşı ola biləcəyimizi anlamaq istəyirik. Püşkatmadan dərhal sonra demişdim ki, çətin püşk ola bilər, hətta uğursuz püşk də ola bilər. Çünki liqa mərhələsində belə rəqiblərimiz var. Bu turnir və bu oyunlar bizim haqqımızda, klub haqqında çox şeyi üzə çıxaracaq.
Bilirik ki, "Mançester Yunayted" dünyanın ən böyük klublarından biridir".
Dambrauskas komandanın uğurlu çıxış etmək istədiyini bildirib:
"Futbolçularımın hər biri bu mübarizənin nə dərəcədə əhəmiyyətli olduğunu yaxşı anlayır. İmkanlarımız az görünə bilər, lakin biz son saniyəyə qədər mübarizə aparacağıq. Meydanda bütün gücümüzü qoyaraq azarkeşlərimizə layiqli oyun göstərmək istəyirik".

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford" stadionunda start götürəcək.