BAKI, 27 sentyabr. TELEQRAF

Dünən Milli QHT Forumunun təşkil etdiyi 27 Sentyabr Anım Günü ilə bağlı tədbirə qatıldım.

Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edirdilər. Canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin şücaətləri haqqındakı xatirələr, itkin vətəndaşlarımızın taleləri barədəki məlumatlar olduqca təsirli idi. Bir daha ordumuzun qüdrəti, qəhrəmanlarımızın rəşadəti ilə fəxr etdik.

Tədbirdə bir məsələ xüsusilə gündəmə gəldi: şəhərlərdə və kəndlərdə müxtəlif yerlərə vurulan şəhid təsvirləri.

Olduqca həssas olan bu məsələ haqqında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın çıxışı çox qiymətli idi.

O, müharibənin ilk ilində şəhidlərimizin fotoşəkillərinin yol kənarlarına, müxtəlif yerlərə vurulmasını təbii hadisə olduğunu, amma Zəfərin 5-ci ildönümündə hər bölgədə qalıcı və daha görkəmli abidələrin qoyulmasının vacibliyindən bəhs etdi.

Digər çıxışçılar da bu təklifi doğru hesab etdilər, gün işığı, yağış və s. təbii hadisələr nəticəsində təsvirlərin solduğunu və şəhidlərin şanına uyğun olmadığını bildirdilər. Nümunə olaraq II Dünya müharibəsindən sonra Azərbaycanın hər bölgəsində qoyulan 1941-1945 abidlələrini yada salanlar da oldu.

Əslində nümunə olaraq, Bakıda çox görkəmli bir abidə var. 15 sentyabr 1918-ci ildə Bakı uğrunda döyüşlərdə şəhid olanların xatirəsini əbədiləşdirmək üçün qoyulan abidə.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı bu abidənin kənarlarında şəhidlərin isimləri və doğulduqları yerlərin adları yazılıb. Bu baxımdan hər bölgədə bu səpkidə abidənin qoyulması və həmin ərazidən olan şəhidlərin təsvirlərinin və ya adlarının yazılması daha münasib olardı. Nəticədə, həm yerli əhalinin, həm də qonaqların müntəzəm ziyarət etdikləri bir məkana çevrilərdi. Hər il Anım və Zəfər günlərində o abidələr ziyarət edilər, daha görkəmli görüntülər ortaya çıxardı.

Sevinc xanım haqlı olaraq Çanaqqaladakı Zəfər Anıtını da nümunə göstərdi. Həqiqətən, həmin məkanı ziyarət edəndə şəhid ruhunun əzəmətini hiss etmək olur. Orada böyük abidə ilə yanaşı, simvolik məzarlar, eləcə də hər şəhid haqqında elektron bilgilər də mövcuddur. Şəhər, demək olar ki, həmin abidə ilə simvolikləşib.

Bu baxımdan paytaxtımızdakı Zəfər Anıtı təqdirəlayiqdir. Ötənlərdə Güney Azərbaycandan gələn bir soydaşımız ilk olaraq həmin abidəni ziyarət etmək istədiyini söyləmişdi. Həm abidəni, həm də Qənimətlər Parkına gedən həmyerlimiz böyük qürur hissi ilə o taya qayıtmışdı. Demək ki, bu səpkili abidələr bölgələrdə də tikilməlidir. Xüsusilə Xankəndi şəhərində.

Tədbirdəki çıxışım da məhz bu məsələ ilə bağlı oldu. Bu gün Xankəndi şəhərinə gedən vətəndaşlarımız orada olduqlarını ifadə etmək üçün Sovet Azərbaycanı dövründə tikilən, amma 30 il ərzində erməni propaqandası üçün istifadə olunan tikilinin önündə şəkil çəkdirirlər. Bu baxımdan Zəfərimizin 5-ci ilinə qədər Xankəndidə bir Suverenlik Abidəsinin tikilməsi məqsədəuyğun olardı. Bu ilin “Konstitusiya və Suverenlik” ili olduğunu da nəzərə alsaq, ərazi bütövlüyümüzün tam şəkildə bərqərar olması münasibətilə bu abidəyə böyük ehtiyac var.

Zəfərin və qəhrəmanlıqların unudulmaması üçün hər bir bölgəmizdə Zəfər abidələrinin tikilməsi gərəklidir. Modern üslubda hazırlanacaq bu abidələr həm də Zəfər tarixinin öyrənilməsinə xidmət edəcəkdir.