BAKI, 17 iyun. TELEQRAF
ABŞ-də Ağ Evə hücum hazırlamaqda ittiham olunan beş nəfər təqsirli bilinəcəyi təqdirdə ömürlük həbs cəzası ala bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, təqsirləndirilən şəxslərin hər biri qəsdən adam öldürmək məqsədilə sui-qəsd hazırlamaqda günahkar bilinərsə, onları maksimum ömürlük həbs və 250 min dollar məbləğində cərimə gözləyir. Ağ Evin ərazisində zorakı hərəkətlər törətmək məqsədilə sui-qəsddə iştirak ittihamı üzrə isə maksimum beş il həbs cəzası nəzərdə tutulur.
Daha əvvəl "Fox News" telekanalı ABŞ hüquq-mühafizə orqanlarının Ağ Evdə keçirilən UFC (Ultimate Fighting Championship – Mütləq Döyüş Çempionatı) turniri zamanı planlaşdırılan hücumun qarşısını aldığını xəbər vermişdi.
Məlumata əsasən, hadisə ilə bağlı beş nəfər saxlanılıb, daha 23 nəfərin isə onlarla əlaqəli olduğu müəyyən edilib. Mənbələrin bildirdiyinə görə, plan Ağ Ev kompleksinin yaxınlığındakı binalara partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatları ilə zərbələr endirərək kütləvi təxliyə yaratmağı və insanları snayper atəşi altına salmağı nəzərdə tuturdu. Bundan sonra hücumçuların Ağ Ev kompleksinin giriş qapılarından birinə basqın etməyi planlaşdırdıqları iddia edilir.