BAKI, 17 iyun. TELEQRAF
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Teleqraf xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibin təcrübəli komanda olduğunu bildirib.
Sadıqov avrokuboklarda iştirakın onlar üçün gözlənilməz olduğunu deyib:
“Əslində, bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bu, bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi olaraq avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır. Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar”.
Sadıqov mərhələ adlamaq istədiklərini vurğulayıb:
“Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılaşacaq.