BAKI, 17 iyun. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla əldə olunan sazişi tənqid edənlərin əslində uzunmüddətli və nəticəsiz müharibənin tərəfdarı olduqlarını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində danışıb.
Vensin sözlərinə görə, sazişin əleyhdarları münaqişənin bütün bombalar atılana və ya bütün iranlılar həlak olana qədər davam etməsini istəyirlər.
"Onlar sonsuz münaqişə təklif edirlər. Müharibənin bütün bombalar atılana və ya bütün iranlılar ölənə qədər davam etməsini istəyirlər. Bu isə ABŞ prezidentinin istədiyi siyasət deyil", - deyə vitse-prezident vurğulayıb.
O qeyd edib ki, sazişi tənqid edənlər, ilk növbədə, sənədin real məzmununu nəzərə almırlar, eyni zamanda heç bir alternativ həll yolu da təqdim etmirlər.
Vens bildirib ki, əgər alternativ yalnız aydın məqsəd olmadan və ABŞ-ın konkret maraqları nəzərə alınmadan bombardmanların davam etdirilməsidirsə, bunu Amerika xalqının adından verilmiş müdrik qərar hesab etmək olmaz.