BAKI, 17 iyun. TELEQRAF
Argentina millisinin hücumçusu Lionel Messi futbol tarixində altı dünya çempionatında iştirak edən ilk oyunçu olub.
Teleqraf xəbər verir ki, 38 yaşlı futbolçu buna dünya çempionatının qrup mərhələsinin ilk turunda Əlcəzair millisinə qarşı keçirilən oyunda meydana çıxmaqla nail olub.
Beləliklə, Messi dünya çempionatlarında iştirak sayına görə yeni rekord müəyyənləşdirib. Bundan əvvəl beş mundialda çıxış edən futbolçular sırasında meksikalılar Antonio Karbaxal və Rafael Markes, almaniyalılar Lotar Matteus və Manuel Noyer, həmçinin portuqaliyalı Kriştianu Ronaldo yer alırdı.
Messi eyni zamanda dünya çempionatları tarixində ən çox oyun keçirən futbolçu rekordunu da yeniləyib. Əlcəzairlə qarşılaşma onun mundiallardakı 27-ci oyunu olub. Aktiv futbolçular arasında bu göstəricidə ona ən yaxın şəxs 22 oyunla Kriştianu Ronaldodur.
2023-cü ildən ABŞ-nin MLS təmsilçisi "İnter Mayami"də çıxış edən Messi Avropada "Barselona" və PSJ klublarının da formasını geyinib. O, "Barselona" ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olan Messi, həmçinin 2014-cü ildə mundialın gümüş medalını qazanıb. O, 2008-ci il Olimpiya çempionu və ikiqat Amerika Kubokunun qalibidir.
Səkkiz "Qızıl top" mükafatının sahibi olan Messi bu göstəricidə də dünya rekordçusudur.