BAKI, 9 oktyabr. TELEQRAF
XI Beynəlxalq Bakı Kitab Sərgisi arxada qaldı.
Hər sərgidə müəllifdən daha çox oxucu kimi iştirak etdiyim üçün salonu dəfələrlə gəzdim, daha necə maraqlı etmək olar deyə düşünməyə başladım. 7-8 dəfə İstanbulda baş tutan Tüyap kitab festivalında iştirak etdiyim üçün həyata keçməsini arzuladığım bəzi təkliflərimi qeyd edirəm.
Birinci təklif – Kitab sərgilərində sırf nəşriyyatlar iştirak etməlidir. Şübhəsiz ki, sərgilərdə universitetlərin, muzeylərin, kitabxanaların iştirakı zənginlik qatır, amma həmin qurumların stendində kitab satılmadığı üçün (bir-ikisini çıxmaq şərtilə) hər il oxucuların narazılığına səbəb olur. Çünki sərgiyə gələn oxucu təbii olaraq gördüyü, bəyəndiyi kitabları almaq istəyir. Bizə görə sərgi sırf yarmarka xarakteri daşımalıdır, kitabları əlçatan olan qurumlar iştirak etməlidir. Məsələ ondadır ki, bu qurumların stendində olan kitabları müraciət edildiyi təqdirdə də əldə etmək olmur.
İkinci təklif – Kitab sərgilərində əyləncəli tədbirlər olmamalıdır. Bu, həm Mədəniyyət Nazirliyinin, həm də Azərbaycan Nəşriyyatları Assosiasiyasının sərgilərinə aiddir. Çünki bu tədbirlər ümumi ab-havaya, oxucuların rahat şəkildə kitab seçmələrinə, müəlliflərlə söhbətlərinə mane olur. Xüsusən də uşaqların qatıldığı tədbirlərdəki səs-küy digər stendlərdə narahatlıq yaradır. Sərgi salonu bağça və ya məktəb deyil. ANAİB-in sərgilərindəki toy mərasimi, Şaxta babaların olması kimi əyləncəli tədbirlər də ləğv edilməlidir. Kitab sərgisində sadəcə iki amil olmalıdır: oxucu və müəllif.
Üçüncü təklif – Kitab sərgilərinin mövzusu Azərbaycan nəşriyyatlarının ümumi mövzusu ilə eyniyyət təşkil etməlidir. Çünki istər-istəməz oxucu elan edilən mövzu ilə stenddəki kitablar arasında bir bağ yaratmağa çalışır, amma bu da çox halda mümkün olmur.
Dördüncü təklif – Sərgidə nəşriyyatlar daha çox müəlliflə təmsil olunmalıdır. Tüyap kitab sərgisində bir imza saatında bəzən 5-6 müəllif yanaşı əyləşir. Bu, həm oxucuya xoş gəlir, həm də nəşriyyat imzaya görə daha çox kitab sata bilir. Bizdə isə bir çox müəllif nədənsə ya özü iştirak etmir, ya da ki nəşriyyat müəllifini dəvət etmir.
Beşinci təklif – Dövlət əhəmiyyətli spesifik mövzulara yer verilməlidir. Məsələn, son sərgidə Qərbi Azərbaycan mövzulu kitablar çox soruşuldu. Halbuki Qərbi Azərbaycan İcmasının, eləcə digər qurumların bu mövzuda yüzdən çox kitabı var. Ona görə də icma növbəti ilki sərgidə iştirak etməlidir. Bir şərtlə ki, kitablar ya satılsın, ya da hədiyyə edilsin. Yəni bütün hallarda kitablar əlçatan olmalıdır.
Altıncı təklif – Kitab sərgisi beynəlxalq mahiyyətli olduğuna görə yerli fəxri yazarlarla yanaşı, tanınmış bir xarici müəllif də qonaq fəxri yazar olmalıdır. Adətən, sərgilərdə nəşriyyat özü və ya nazirliyin dəstəyi ilə əsərini tərcümə etdiyi xarici müəllifi gətirir. Amma birbaşa sərginin özünün fəxri bir qonağının olması, mühazirəsinin təşkil edilməsi mükəmməl olardı.
Yeddinci təklif – Səfirliklərin iştirakının ləğv edilməsi, əvəzinə birbaşa həmin ölkədən gələn nəşriyyatın təmsil olunması. Bu, ən vacib məsələlərdən biridir. Çünki səfirliklərin maraqsız stendi qəhvəyə qonaq etmək xaricində oxucuya maraqsız gəlir. Amma həmin ölkənin ən yaxşı nəşriyyatı və müəllifi iştirak etsəydi, oxucu izdihamı yaranardı. Ona görə də builki sərgidə ikinci salon, demək olar ki, oxucusuz qalmışdı.
Səkkizinci təklif – İl ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələrin nəşriyyatlarından ibarət xüsusi bir sərginin keçirilməsi. Etiraf edək ki, Türkiyə xaric Azərbaycan nəşriyyatlarının türk ölkələri ilə olan münasibətləri ürəkaçan deyil. Madam ki siyasi və iqtisadi əlaqələr getdikcə güclənir, mədəni sahədə əlaqələr də inkişaf etməlidir. Bu xüsusi sərgilər hər il üzv və müşahidəçi dövlətlərin paytaxtında baş tutmalıdır.
Şübhəsiz ki, bu təkliflər ilk anda yadıma düşənlərdir. Gərək hər sərgidən sonra nazirliklə nəşriyyatların sərgi ilə bağlı müzakirə xarakterli bir toplantısı keçirilsin, razılıqlar və narazılıqlar ifadə edilsin.