BAKI, 17 iyun. TELEQRAF

Fransa millisinin və İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kilyan Mbappe futbol üzrə dünya çempionatları tarixində ən çox qol vuran oyunçular arasında ilk üçlüyə daxil olub.

Teleqraf xəbər verir ki, fransalı forvard buna dünya çempionatının qrup mərhələsinin ilk turunda Seneqal millisi ilə oyunda nail olub.

Fransanın 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada iki qol vuran Mbappe dünya çempionatlarında vurduğu qolların sayını 14-ə çatdırıb. Bununla o, Almaniya yığmasının sabiq hücumçusu Gerd Müllerin göstəricisini təkrarlayıb və Argentina millisinin kapitanı Lionel Messi ilə fransalı Just Fonteni geridə qoyub.

Bu göstəricidə Mbappedən yalnız Braziliya yığmasının əfsanəvi futbolçusu Ronaldo (15 qol) və Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze (16 qol) öndədir.

27 yaşlı futbolçu 2024-cü ildən "Real Madrid"in formasını geyinir. O, ötən mövsüm klubun heyətində keçirdiyi 44 oyunda 42 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mbappe "Real Madrid"lə İspaniya Superkubokunun və Qitələrarası Kubokun qalibi olub. Fransa millisinin heyətində isə 2018-ci ildə dünya çempionu adını qazanıb, 2022-ci il dünya çempionatında gümüş medal əldə edib.