BAKI, 17 iyun. TELEQRAF
ABŞ Konqresinin Senatı İrana qarşı hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qətnaməni növbəti dəfə qəbul etməyib.
Teleqraf xəbər verir ki, prosedur səsverməsi zamanı sənədin lehinə 47 senator, əleyhinə isə 48 senator səs verib. Hakim Respublikaçılar Partiyasından dörd senator qətnaməni dəstəkləyib. Demokratlar Partiyasından isə yalnız bir senator sənədin əleyhinə çıxıb.
Qeyd edək ki, analoji qətnamə iyunun 3-də Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənmişdi.
ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək səlahiyyəti prezidentə deyil, Konqresə məxsusdur. Bununla belə, son onilliklərdə ABŞ prezidentləri xaricdə hərbi gücdən istifadə ilə bağlı onlara verilən səlahiyyətləri geniş şəkildə şərh edərək yeni əməliyyatlara başlayıblar.
Bu səbəbdən son aylarda bir sıra konqresmenlər ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi gücdən yalnız Konqresin icazəsi ilə istifadə etməsini tələb edən qətnamələr hazırlayıblar. Lakin həmin sənədlərin heç biri Konqresin hər iki palatasında qəbul olunmayıb.