BAKI, 17 iyun. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens hesab edir ki, hazırda hətta Ukraynanın ən qatı tərəfdarları belə Vaşinqtonun Kiyevə yardım imkanlarının məhdud olduğunu etiraf edirlər.
Teleqraf xəbər verir ki, bu barədə o, iyunun 15-də ABŞ-də satışa çıxarılan "Kommunion: İmanıma qayıdış yolunda" (Communion: Finding My Way Back to Faith) adlı yeni kitabında yazıb.
Vens qeyd edib ki, 2024-cü ildə Münhen Təhlükəsizlik Konfransında iştirak etdiyi dövrdə ABŞ siyasi rəhbərliyi Ukrayna münaqişəsinə dair reallıqları qəbul etmək istəmirdi.
Onun sözlərinə görə, ABŞ-nin Ukraynaya yardım imkanlarının məhdud olduğunu, Vaşinqtonun təkbaşına Ukrayna ilə Rusiya arasındakı hərbi potensial fərqini aradan qaldıra bilmədiyini və istənilən münaqişənin gedişatını öz istədiyi kimi yönləndirmək gücündə olmadığını etiraf etmək bəzi siyasətçilər üçün çətin idi.
Vens bildirib ki, həmin vaxt ABŞ senatoru kimi o, ölkənin resurslarının bir çox həmkarının qəbul etməyə hazır olduğundan daha məhdud olduğunu düşünürdü.
"ABŞ-nin Ukraynaya yardım imkanlarının məhdud olduğunu etiraf etmək, əslində, bəzi siyasətçilər üçün bütün siyasi baxışlarının iflasa uğradığını qəbul etmək demək idi", - deyə vitse-prezident vurğulayıb.
Qeyd edək ki, Vensin yeni kitabında onun katolikliyə keçidi, dini baxışları və bunların siyasi mövqeyinə təsiri də ətraflı şəkildə əks olunub.