BAKI, 26 sentyabr. TELEQRAF
Ancaq Bakı şəhərindən ibarət olan ədəbi camiəmizdə hər kəs bir-birindən şikayət etməkdədir. Müəllif naşirdən, naşir yazardan, oxucu tərcüməçidən, tərcüməçi naşirdən. Ədəbi mühiti tanıyandan bəri eyni səpkili söhbətlər, müzakirələr, mübahisələr davam edir, nəticədə nə müəllif, nə ədəbiyyat, nə tərcüməçi, nə də naşir qazanır. Olmayan bir qazanc uğrundakı savaşda itirilən nədir? Kitab.
Bu yaxınlarda Feysbukda gördüm:
Zəngin ədəbi irsi olan yazıçı-dramaturq Firuz Mustafa kitabların nəşri, satışı ilə bağlı gileylənməkdə idi.
Yenə yazıçı, şair Qismət Rüstəmov naşirindən tərcümə haqqını ala bilmədiyi üçün əsəbdən gərilməkdə idi.
Yazıçı, şair Aqşin Yenisey naşirlərin müəllifləri istismar etməsindən, onlara satıcı gözüylə baxmasından heyfslənməkdə idi.
Naşir Şahbaz Xuduoğlu isə Mədəniyyət Nazirliyinin təşkil etdiyi kitab sərgisinin fəxri yazarlarının seçim meyarından narazılanmaqda idi.
Kənarda dayanıb baş verənləri müşahidə edən oxucu isə dodağının altında mızıldanmaqda idi: Ondansa Türkiyədən və Rusiyadan gələn kitabları oxuyaram, onsuz da yerli ədəbiyyatın bəxti bağlanıb.
Əgər eyni zamanda naşir də, müəllif də, tərcüməçi də, oxucu da şikayət edirsə, demək ki, ortada sağlam şəkildə işləməyən bir sistem var və burada bütün tərəflər az və ya çox dərəcədə günahkardır.
Azərbaycan oxucusu indiki tərcümədən narazıdır. Haqlı səbəbləri var. Çünki bir ara əksər nəşriyyatlar rus və ya türk dilindən etdirdiyi tərcümələri orijinalından imişcəsinə kitabın üzərinə yazaraq oxucuya ötürürdü. Yəqin ki, bu proses indi də davam edir.
Oxucu Sovet dövründə edilmiş tərcümələrin təkrar nəşrinə geniş maraq bəsləyirsə, demək ki, tərcümə məsələsində, həqiqətən də, ciddi problemlər var. Şübhəsiz ki, alman və ingilis dillərindən birbaşa tərcümə edən müstəsna şəxsiyyətlərimiz də var, amma ümumi tendensiyanın içində onlar da nəzərdən qaçırlar.
Oxucu Azərbaycan yazıçısının eqosundan, sosial mediada özünü apara bilməməsindən narazıdır. Nə qədər yazıçı, şair sosial media dövründə yaratdığı kultu sındırmış oldu. Vodka içib paylaşanlar, biləyini kəsmək istəyənlər, qəribə davranışlar sərgiləyənləri oxucu hər gün Feysbukda görməkdə idi. Nəticədə müəllif oxucuya şah damarından yaxın olmaq istəyincə oxucu ondan uzaqlaşmağa başladı.
Oxucu kitabların qiymətindən narazıdır. Bu, hər iki tərəf üçün ümumi problemdir. Çünki oxucu kitabın yazılmasından mağazada vitrinə qoyulmasına qədər olan prosesi bilmədiyi üçün onun nəzərində kitabın qiyməti həddindən artıq bahadır. Kitab işinin içərisində olan hər bir şəxs bilir ki, kitabdan nəşriyyata çox cüzi bir qazanc qalır, müəllif isə nadir hallarda honorar əldə edə bilir.
Amma bu məsələdə qazancı ilə kitab ehtiyacı uyğun gəlməyən oxucu da haqlıdır. Oxucunun ehtiyaclar piramidasında kitaba qədər olan zərurətlər həddindən artıq çoxdur.
Müəllif haqlı olaraq etiraz edir ki, əgər ölkədə tanınmıramsa, günahı naşirimdədir. Kitabımı çap edibsə, kitabı da, məni də təbliğ etməlidir. Burada naşir də haqlıdır ki, mənim gücüm ancaq kitabın çapına yetir, təbliğat-təşviqatla özün məşğul ol.
Tərcüməçi də haqlıdır ki, yaxşı qonorar verilsə, həm dünya ədəbiyyatının nəhəng və gərəkli əsərlərini dilimizə çevirər, həm də yerli müəlliflərin ən azından qonşu dövlətlərdə tanınmasına xidmət edər.
Naşir də haqlıdır ki, bunun üçün yaxşı dövlət proqramları olmalıdır ki, tərcüməçiyə verməyə honorarı, kağız sifariş etməyə parası olsun. Ona görə də qarşılıqlı ittihamlar, qınamalar, küslüklər mütəmadi davam edəcək.
Elə isə nə etməli?
Əgər biz bu çənbərin içərisindən çıxa bilmiriksə, demək ki, qonşulara boylanmalıyıq.
Görəsən, Gürcüstanda bu məsələ necə cərəyan edir? Görəsən, Baltik ölkələri bizim tapmadığımız hansı həll yolunu əldə edib? Görəsən, saysız-hesabsız nəşriyyata sahib olan qardaş Türkiyə bu məsələləri necə tənzim edir?
Bəlkə, bu ölkələrdən naşir, yazıçı, tərcüməçi dəvət edək ki, gəlib bizə öyrətsinlər?!
Buna böyük ehtiyac var, əks halda 2026-cı ildə də bu məsələləri müzakirə edəcəyik.
Halbuki 100 il əvvəl – 1926-da yazıçılar, şairlər, alimlər Türkoloji Qurultay keçirib, türk xalqlarının ortaq məsələlərini həll edirdilər.
Bizim isə bu gün gəldiyimiz mərhələ odur ki, tərcüməçi-şair naşirdən əməkhaqqısını ala bilmir. Naşir də acığa düşüb onun fəxri yazar olmasına sual işarəsi qoyur.
Demək ki, Füzulidən bu yana yazdığımız tək bir əsər var ki, o da “Şikayətnamə”dir.