BAKI, 22 mart. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin cənubunda yerləşən Arad şəhərinə raket zərbəsi endirilmiş əraziyə baş çəkib.Baş nazir dünya liderlərini İrana qarşı ABŞ-İsrail birgə hərbi kampaniyasına qoşulmağa çağırıb.

Teleqraf xəbər verir ki, Netanyahu İranın son hərbi fəallığının bütün dünya üçün qlobal təhlükə yaratdığını bəyan edib.

Netanyahu İranın ötən həftəsonu Hind okeanında yerləşən Böyük Britaniya və ABŞ-nin birgə hərbi bazası olan Diego Garciaya raket zərbəsi endirməyə cəhd etdiyini xatırladıb. O bildirib ki, bu uğursuz hücum Tehranın əvvəllər güman edildiyindən daha uzaq mənzilli raketlərə sahib olduğunu sübut edir:

"Onlar Diego Garcia-ya qitələrarası ballistik raket atıblar. İndi onların Avropanın dərininə qədər çatmaq imkanları var".

İsrail rəhbəri İranın Hörmüz boğazını bloklamasına da toxunub. O, Tehranın beynəlxalq dəniz və enerji marşrutlarını kəsərək bütün dünyanı şantaj etməyə çalışdığını bildirib:

"Artıq digər ölkələrin liderlərinin də bizə qoşulma vaxtıdır".

İsrailin mülki əhaliyə qarşı hücumlara necə cavab verəcəyi barədə sualı cavablandıran Baş nazir hədəflərinin mülki şəxslər olmadığını vurğulayıb:

"Biz böyük güclə cavab veririk, lakin mülki şəxslərə deyil. Biz rejimi, SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) hədəf alırıq. Onların rəhbərlərini, obyektlərini və iqtisadi aktivlərini vururuq".