BAKI, 22 mart. TELEQRAF
Ötən gecə Fars körfəzi regionunda hərbi gərginlik pik həddə çatıb. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn eyni vaxtda kütləvi raket və dron hücumlarına məruz qalıb.
Teleqraf xəbər verir ki, BƏƏ hakimiyyəti yaranmış təhdidlərlə bağlı əhalinin mobil telefonlarına təcili xəbərdarlıq bildirişləri göndərib.
BƏƏ-nin Şarja şəhəri yaxınlığında dəniz nəqliyyatına qarşı bir neçə təxribat qeydə alınıb. Məlumata görə, Şarja sahillərində bir tanker gəmisində partlayış baş verib. Şəhərdən 28 kilometr şimalda yerləşən digər bir yük gəmisi yaxınlığında ikinci partlayış qeydə alınıb.
Küveyt Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyəti nəticəsində 9 ballistik raket və 4 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb. Analoji gərginlik Bəhreyndə də müşahidə olunub. Rəsmi Manama ötən gün ölkə ərazisində bir neçə partlayışın baş verdiyini təsdiqləyib.
Ən intensiv hücumlar Səudiyyə Ərəbistanı krallığına qarşı yönəlib. Son 24 saat ərzində ölkənin müdafiə sistemləri rekord sayda hərbi hədəfi məhv edib. Azı 60 PUA havada sıradan çıxarılıb, çox sayda ballistik raketin yaşayış məntəqələrinə çatmadan qarşısı alınıb.