BAKI, 21 mart. TELEQRAF

İranın İsfahan şəhəri üzərində daha bir hava hədəfi ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Hadisə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın mərkəzi hissəsində İsrailə məxsus "F-16" qırıcısının vurulması barədə rəsmi bəyanatından bir neçə dəqiqə sonra baş verib. Məlumata görə, ölkənin HHM qüvvələri İsfahan şəhərinin şimal hissəsində növbəti hərbi hava hədəfini aşkar edərək sıradan çıxarıblar.

Hələlik məhv edilən hava obyektinin konkret növü və modeli barədə məlumat verilmir. Onun döyüş təyyarəsi, yaxud pilotsuz uçuş aparatı (PUA) olması ilə bağlı araşdırmalar davam edir.

***

16:33

İranın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ölkənin mərkəzi hissəsi üzərində İsrailə məxsus "F-16" tipli qırıcı təyyarəni vurub.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, hərbi hava hədəfinin məhv edilməsi ötən gecə baş verib. Bu, hərbi əməliyyatların başladığı vaxtdan bəri İran səmasında vurulan üçüncü İsrail qırıcısıdır.

Hazırda təyyarənin dəqiq düşdüyü yer və pilotların taleyi barədə əlavə məlumat verilmir. İsrail tərəfi isə hələlik "F-16" qırıcısının itirilməsi ilə bağlı yayılan bu iddiaları rəsmən təsdiqləməyib.