BAKI, 20 mart. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-a məxsus F-35 qırıcısının zədələnməsini "mövcud dünya nizamının çökməsi" kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə iranlı spiker özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Qalibaf qırıcının hədəfə alınmasının psixoloji və siyasi əhəmiyyətinə diqqət çəkərək bunları qeyd edib:
"F-35 təkcə qırıcı təyyarə deyil, həm də ABŞ hərbi qüdrətinin məğlubedilməzliyinin və təkəbbürünün simvolu idi. Bu simvol dünyada ilk dəfə hədəfə alındı".
Xatırladaq ki, ötən gün İran üzərində döyüş tapşırığını yerinə yetirən F-35 qırıcısı Yaxın Şərqdəki regional ABŞ aviabazalarından birinə məcburi eniş edib. Hazırda ABŞ rəsmi dairələri təyyarənin İran tərəfindən açılan atəşlə vurulması barədə məlumatları araşdırır.
Əgər bu məlumat rəsmən təsdiqlənərsə, bu, cari müharibə zamanı İran tərəfindən vurulan ilk ABŞ hərbi təyyarəsi kimi tarixə düşəcək. Eyni zamanda, bu, dünyada beşinci nəsil F-35 qırıcılarının düşmən atəşi ilə zədələndiyi ilk hadisə olacaq.