Suriya Prezidenti Əhməd Şaraa ölkəsini Yaxın Şərqdə davam edən müharibədən kənarda saxlamaq üçün fəal iş apardıqlarını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Suriyanın dövlət agentliyi SANA yayıb.

Dəməşqdəki prezident sarayında Ramazan bayramı namazından sonra xalqa müraciət edən Əhməd Şaraa Suriyanın yeni siyasi kursuna toxunub:

"Suriyanın son 15 il ərzində və ondan əvvəl hər zaman münaqişə və ixtilaf meydanı olduğunu xatırlamaq vacibdir. Lakin bu gün ölkəmiz regional və beynəlxalq səviyyədə bütün qonşu dövlətlərlə harmoniya içindədir".

Prezident hazırda dünyada baş verən hadisələri İkinci Dünya Müharibəsindən bəri müşahidə olunmayan "nadir və böyük hadisə" kimi xarakterizə edib. O bildirib ki, rəsmi Dəməşq hər bir addımını diqqətlə hesablayır:

"Biz Suriyanı hər hansı münaqişədən uzaq tutmaq üçün çalışırıq. Məqsədimiz ölkənin inkişaf və yenidənqurma yolunu qoruyub saxlamaqdır".