BAKI, 20 mart. TELEQRAF
İran tərəfindən cümə axşamı atılan raket İsrailin Hayfa şəhərində yerləşən neft emalı zavoduna ziyan vurub. Müəssisənin elektrik infrastrukturuna ciddi zərər dəydiyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə zavodun yaydığı rəsmi məlumatda qeyd olunub.
Şirkətin açıqlamasına görə, raket zərbəsi xidmət obyektini qidalandıran güc sistemlərinə və istehsalat üçün kritik əhəmiyyət kəsb edən xarici infrastruktura zərər yetirib. Zədələnmiş infrastrukturun bir hissəsinin üçüncü tərəfə məxsus olduğu vurğulanıb.
Dəyən ziyana baxmayaraq, müəssisə rəhbərliyi istehsalat qurğularının əksəriyyətinin hazırda fəaliyyət göstərdiyini bildirib:
"Bəzi istehsalat bölmələri hazırda yenidən işə salınır. Yaxın günlərdə zavodun tam gücü ilə fəaliyyətini bərpa edəcəyi gözlənilir".
Xatırladaq ki, son günlər bölgədə davam edən hərbi gərginlik fonunda İsrailin bir neçə strateji və sənaye obyekti raket hücumlarına məruz qalıb. Hazırda zavodun ərazisində bərpa işləri davam etdirilir.