
BAKI, 3 mart. TELEQRAF
İran prezidentinin strateji məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Cavad Zərif İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin tövsiyəsi ilə istefa verib.
Teleqram xəbər verir ki, Zərif özü bu barədə "X" hesabında yazıb.
“İran məhkəmə hakimiyyətinin rəhbərinin dəvəti ilə görüşə getdim. Hökumətə təzyiqlərin qarşısını almaq üçün mənə universitetə qayıtmağı tövsiyə etdi. Mən də qəbul etdim. Ümid edirəm ki, vəzifəmdən uzaqlaşmaqla xalqın iradəsinə, Pezeşkian hökumətinin uğurlarına mane olmaq bəhanələri aradan qalxacaq”, - o bildirib.
Onun sözlərinə görə, heç vaxt çətinliklərdən qaçmayıb və 40 il ərzində sülh əldə edilməsindən tutmuş nüvə məsələsinin bitməsinə qədər, milli maraqların müdafiəsində oynadığı kiçik rola görə təhqir və böhtanlara dözüb.
Prezidentin strateji məsələlər üzrə müşaviri iki gün əvvəl istefa ərizəsi versə də, onun istefası hələ prezident tərəfindən qəbul olunmayıb. İran mediasında uzun müddətdir ki, Zərifin vəzifəsini qanunsuz tutduğu barədə məlumatlar müzakirə olunur. Buna səbəb kimi isə onun övladlarının ABŞ vətəndaşlığına sahib olması ehtimalı göstərilir.
Qeyd edək ki, İran məhkəmə hakimiyyətinin rəhbəri İran konstitusiyasına görə məhkəmə sistemində ən ali pillə hesab edilir. Ali Məhkəmənin və Baş Prokurorun təyinatını da o həyata keçirir. İran məhkəmə hakimiyyətinin rəhbərini isə Ali Dini rəhbəri müəyyən edir.