BAKI, 3 mart. TELEQRAF
Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
Bu barədə Teleqraf-a Agentlikdən məlumat verilib.
"Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdi", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy və müəllimlərin səs yazısı yayılıb. Səs yazısından məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı 600 manatlıq hədiyyəni bəyənməyib. O müəllimlərə “Mənə dilənçi payı lazım deyil”, - deyə irad bildirib.