TBİLİSİ, 3 mart. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah Özbəkistana rəsmi səfər edəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə məlumat Özbəkistanın hökumət portalında yerləşdirilib.

İkigünlük səfər proqramına ikitərəfli görüşlər, Gürcüstan və Özbəkistan arasında birgə hökumətlərarası komissiyanın iclası, sənaye müəssisələrinin fəaliyyəti ilə tanışlıq daxildir.

Özbəkistan mediasının yazdığına görə, İ.Kobaxidzenin Daşkəndə səfəri fevral ayının sonuna planlaşdırılmışdı. Səfərin tarixinin dəyişdirilməsi fevralın 22-dən etibarən Gürcüstanın qərbində güclü qarın yaratdığı fövqəladə vəziyyətlə əlaqələndirilir. Baş nazir təbii fəlakətin səbəb olduğu ciddi fəsadların aradan qaldırılması məqsədilə yaradılmış Koordinasiya Qərargahına rəhbərlik edib.