BAKI, 3 mart. TELEQRAF

Ərəb ölkələri Qəzza zolağındakı vəziyyəti tənzimləmək istəyərkən, Fələstin hərəkatı HƏMAS-ın bu ərazinin idarəsindəki gələcək roluna dair fərqli yanaşmalara sahibdirlər.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqlar prosesində əsas vasitəçilərdən biri olan Misir, HƏMAS-ın Qəzzadan tamamilə xaric edilməsinin mümkünsüz olduğunu düşünür. Misir tərəfi hesab edir ki, HƏMAS-ı silahsızlaşdırmaq və onun təsirini zəiflətmək lazımdır, amma HƏMAS Qəzzada siyasi fəaliyyətini davam etdirməlidir. Bu planı həmçinin Səudiyyə Ərəbistanı da dəstəkləyir.

Nəşr bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) HƏMAS-ın Qəzzada hər hansı bir şəkildə mövcudluğunu davam etdirməsinə sərt qarşı çıxır.

Eyni zamanda, HƏMAS-ın hakimiyyətini davam etdirməsinə qarşı İsrail və onu dəstəkləyən ABŞ sərt mövqe nümayiş etdirir.

Nəşrin məlumatına görə, ümumilikdə bütün ərəb ölkələri hesab edirlər ki, HƏMAS nümayəndələri sülh həlli və Qəzzanın bərpası ilə bağlı səyləri pozmaq potensialına malikdirlər. Bütün tərəflər həmçinin ABŞ Prezidenti Donald Trampın təklif etdiyi, Qəzza sakinlərinin ərazidən başqa ərəb ölkələrinə köçürülməsinə dair planı rədd edirlər.

Martın 4-də Misirdə ərəb dövlətlərinin fövqəladə sammiti keçiriləcək. Bu görüşdə ərəb ölkələrinin liderləri, ABŞ-nin təklif etdiyi Qəzzanın bərpası planına alternativ olaraq yeni bir plan müzakirə edəcəklər.