BAKI, 1 mart. TELEQRAF

PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatın buraxılması və bütün qrupların tərksilah edilməsi çağırışı bu düşərgədən ziqzaqvari cavablar gəlir. Qəndil (PKK-nın İraqdakı əsas düşərgəsi) “atəşkəs oyunu”na əl atarkən, təşkilatın Suriyadakı qanadlarından iki fərqli açıqlama verilib. Təşkilata bağlı Xalqların Birliyi və Demokratiya Partiyası (DEM) də eyni mövqedən çıxış edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı yazır.

ABŞ-nin dəstəyi ilə Suriyanın şimalında bir çox bölgəni işğal edən YPG-nin “sözçüsü” Siyamənd Eli Öcalanın çağırışı ilə yeni dövrə keçəcəklərini bildirib:

“Bu çağırış Türkiyə xalqı başda olmaqla bütün bölgə xalqlarının sülhdə iştirakı və söz sahibi olmasını təmin edəcək. Bu, başda Rojava (Suriyanın şimalındakı qondarma qurumun paytaxtı) olmaqla, Kürdüstanın dörd yerində yeni bir dövrə girəcəyimizə işarədir. Ümid edirik ki, bu çağırış sülhə doğru ilk addım olacaq. Hazırda xalqımız arasında böyük emosionallıq hökm sürür. Çünki illər boyu bütün bu maneələrə baxmayaraq, onun səsini eşitmək bizə böyük sevinc bəxş etdi”.

PKK-nın Suriya uzantısı “Suriya Demokratik Qüvvələri”nin (SDQ) lideri adlandırılan Mazlum Kobani Öcalanın çağırışının onlara aid olmadığını iddia edib.

DEM Partiyasından millət vəkili Gülistan Kılıç Koçyiğit isə bunları deyib:

“Bunun YPG-yə çağırış olmadığını vurğulamaq lazımdır. Bu, son deyil, başlanğıcdır. Həmçinin mətnin yalnız PKK-ya müraciət olduğunu düşünmürəm, bu, PKK kimi dövlətə də xitab edir”.

PKK isə çağırışdan sonra atəşkəs qərarının alındığını və ləğv prosesinin baş tutması üçün Öcalanın sərbəst buraxılmalı olduğunu açıqlayıb.

Terror təşkilatının bəyanatında bu sözlər də yer alıb: “Hücum olmasa, heç bir qüvvəmiz silahlı hərəkətə keçməyəcək”.