BAKI, 3 mart. TELEQRAF

İran parlamentinin ölkənin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətiyə etimad göstərməyərək onu vəzifədən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89-u onu dəstəkləyib:

“İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir. Deməli, prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən uzaqlaşdırılıb. Digər yandan, bu səsvermədən sonra prezidentin strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb.

Aydındır ki, Zərif parlamentdə iqtisadiyyat nazirinə etimad göstərilmədiyinə görə istefa verib. Bu, Zərifin ikinci istefasıdır. Məsud Pezeşkian prezident seçiləndən sonra keçmiş xarici işlər naziri Cavad Zərifi vitse-prezident təyin etmişdi. Zərif ötən ilin avqust ayında da istefa vermişdi. Zərif o zaman prezidentin nazirlərlə bağlı seçimindən narazı qalmışdı.

Pezeşkian parlamentin mühafizəkarların nəzarətində olduğunu diqqətə alaraq, onların təmsilçilərini də nazir postlarına irəli sürmüşdü. Bu, Zərifin narazılığına səbəb olmuşdu. Görünür, Zərif hesab edirdi ki, islahatçı prezident ölkənin inkişafını sürətləndirən nazirlərə üstünlük verməlidir. Zərifin o zamankı istefası Pezeşkianın mövqeyini zəiflədə bilərdi. Ona görə də Pezeşkian Zərifi müavini vəzifəsinə razı sala bilmişdi. Ancaq Zərifinin ikinci istefasından sonra onu geri qaytarmaq mümkün olmayacaq”.

Elxan Şahinoğlu qeyd edib ki, Pezeşkian özündən əvvəlki islahatçı prezidentlər kimi mühafizəkar dairələrlə münasibətləri gərginləşdirmək istəmir, son dərəcə ehtiyatlıdır:

“İranı idarə edən ali dini lider Əli Xameneyidir. Dini liderin təyin etdiyi şəxslər və SEPAH generalları prezidentə tabe deyillər. Xalqın seçdiyi prezident bir qrup mollanın təyin etdiyi şəxsin sözü ilə geri addım atır. Bu halda prezident vəd verdiyi islahatları necə həyata keçirəcək?”