BAKI, 1 mart. TELEQRAF

Abdullah Öcalanın çağırışından sonra PKK terror təşkilatının Suriya və İraqdakı bütün qrupları ləğv olunmalıdır. Bu proses Qəndili (PKK-nın İraqdakı əsas düşərgəsi) də əhatə etməlidir.

Teleqraf xəbər verir ki, bunu Öcalanın çağırışından sonra PKK-nın verdiyi bəyanatı şərh edən türkiyəli analitik Coşkun Başbuğ deyib.

“Qəndil bildirir ki, biz atəşkəs elan edirik və Öcalanın çağırışına əməl edəcəyik. “Çağırışa əməl etməyin” başqa mənası var. “Atəşkəs” məsələsində həddi aşan ifadəyə yer verilir. Çünki son zamanlar müşahidə etdiyim odur ki, Amerika regionda prosesləri idarə etmək üçün söz oyunları oynamağa başlayıb, bildirirlər ki, bu SDQ-yə aid deyil. SDQ PKK-nın özüdür”, - ekspert bildirib.

Başbuğ əlavə edib ki, ABŞ Suriyada SDQ/YPG-ni PKK-nın ləğvi prosesindən kənarda saxlamaq üçün zəmin hazırlamağa çalışır.

“Çağırışa tabe olmağın izahı aydındır: dərhal qurultay çağırın və təşkilatı ləğv etmək qərarı verib, silahları yerə qoyun. Bu, PKK və ona bağlı bütün qruplara çağırışdır. Bu çağırışdan Amerika və SDQ dərs götürməlidir”.

Başbuğ Türkiyənin PKK-nın Suriya və İraqdakı qruplaşmalarının ləğvi prosesini izləyəcəyini vurğulayıb:

“Prosesə nəzarət edəcəyik. Bununla belə, bu təqvim aylar və ya həftələri əhatə edən çox uzunmüddətli olmamalıdır. Bu sürətli və dərhal olmalıdır”.

Öcalanın çağırışından sonra PKK bu məzmunda bəyanat verib:

“PKK olaraq çağırışın məzmunu ilə olduğu kimi razıyıq və çağırışın tələblərinə öz tərəfimizdən əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Bu gündən qüvvəyə minən atəşkəs elan edirik. Hücum olmasa, heç bir qüvvəmiz silahlı hərəkətə keçməyəcək”.