
BAKI, 3 mart. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu Rusiyanın Suriyadakı hərbi mövcudluğunu müzakirə etmək üçün hərbi katibi Roman Qofmanı Moskvaya göndərib.
Teleqraf xəbər verir ki, İsrail rəsmisi Rusiyanın paytaxtında bir sıra görüşlər keçirib.
“Yedioth Ahronoth” qəzeti İsrailin Suriyanın zəif qalmasını istədiyini və Rusiyanı bölgədə dominant güc olan Türkiyədən üstün tutduğunu yazıb.
“İsrail faktiki olaraq açıq şəkildə tərəf seçir: rusları türklərdən üstün tutur və mahiyyətcə Ankaranı Suriyadan sıxışdırmağa çalışır”, - İsrail nəşri bildirib.
Məlumatda qeyd edilib ki, İsrail Türkiyənin Suriyada hərbi bazalar qurması, Suriya ordusuna təlim keçməsi və ölkənin hava məkanına nəzarət etməsini istəmir.
Fevralın 28-də “Reuters” İsrailin ABŞ-dən Rusiyanın Suriyadakı hərbi bazalarının saxlanılması üçün addımlar atmasını istədiyini iddia etmişdi.
Agentliyin yazdığına görə, İsrail bunu Türkiyənin Suriyada möhkəmlənməsinin qarşısını almaq üçün istəyir.