BAKI, 3 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Teleqraf xəbər verir ki, "Sumqayıt" komandası Mehdi Hüseynzadə adına şəhər stadionunda "Qarabağ"ı qəbul edib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

31-ci dəqiqədə Kadi Borges uzaqdan zərbə ilə baxımlı qol vurub.

38-ci dəqiqədə isə Leandro Andrade çoxgedişli kombinasiyanı qolla tamamlayıb.

Bununla da kabo-verdeli yarımmüdafiəçi Premyer Liqadakı qol sayını 10-a çatdıraraq, bombardirlər siyahısında vahid liderə çevrilib.

"Qarabağ" isə aktivindəki xalları 60-a çatdıraraq, liderliyini daha da möhkəmləndirib.

Bu mövsüm 11-ci oyundan da qolsuz ayrılan "Sumqayıt" 22 xalla 8-ci pilləyə enib.

Bu enişdə "Şamaxı"nın turun açılış oyununda səfərdə "Səbail"ə eyni hesabla qalib gəlməsi də rol oynayıb. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv bu qələbə sayəsində 24 xalla 7-ci pilləyə yüksəlib.