
BAKI, 1 mart. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyə xarici işlər naziri Hakan Fidanın Tehranın Yaxın Şərq siyasəti ilə bağlı bəyanatına cavab verib.
Teleqraf xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Biz prinsipial mövqelərimizdə sabityik və hər gün bir siyasətdən digərinə keçmirik. İran qanunsuz davranışlar və terrorizmlə vicdanla mübarizə apararaq həmişə müqaviməti dəstəkləyib”, - Bəqayi qeyd edib.
Diplomat həmçinin İranın regionda “terrorla mübarizədə aparıcı rol” oynadığını iddia edib.
Türkiyə xarici işlər naziri Hakan Fidan bundan əvvəl “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, İran bölgədəki nailiyyətləri üçün böyük resursları qurban verib.
İranın Suriyada hakimiyyət dəyişikliyindən sonrakı siyasətindən danışan Fidan söyləyib:
“İranın region ölkələrində yaraqlılar vasitəsilə xarici siyasət yürütməsi məsələsi İranın uzun müddətdir böyük risk altında həyata keçirdiyi siyasətdir. Müəyyən irəliləyiş əldə edib, amma bu uğurları qorumaq üçün çəkdiyi xərclər daha böyükdür. İraq və Suriyada əldə etdiyi nailiyyətləri qorumaq üçün İran bu qazanclardan daha çoxunu qurban verməli oldu”.
Fidanın sözlərinə görə, danışıqlar zamanı İran rəsmilərinə bildirib ki, bu xarici siyasət yanaşması dəyişməlidir.
Nazir vurğulayıb ki, belə siyasət müəyyən nəticələr versə də, həm İran, həm də region üçün böyük yük yaradır: “İran yeni dövrün hadisələrindən nəticə çıxarmalı, regional həmrəylik gücləndirilməlidir. İndi köhnə səhvləri davam etdirməyin vaxtı deyil”.