
BAKI, 28 fevral. TELEQRAF
Türkiyə hökuməti PKK lideri Abdullah Öcalanın çağırışından sonra 3-4 aylıq gözləmə mövqeyi tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin TGRT telekanalının koordinatoru Ahmet Sözcan məlumat verib.
“Çağırışdan sonra KCK toplanmalıdır. KCK qurultayı çağırıb, özünü buraxdığını elan edəcək. Çağırışın ardınca silahların yerə qoyulması lazımdır. Bütün bunların olub-olmayacağı 3-4 ay ərzində izləniləcək”, - jurnalist bildirib.
Öcalanın çağırışına PKK və ona bağlı digər terrorçu qruplaşmalar tərəfindən adekvat cavabın verilməməsi durumuna gəlincə, Sözcan qeyd edib:
“Çağırışa cavab verilməsə, Öcalanın qurduğu strukturda heç bir səlahiyyətinin olmadığı bəlli olacaq. (PKK-ya bağlı) DEM Partiyasının görəcəyi işlər də önəmlidir. Komitə yaradıblar, iclaslar keçiriblər. Terror təşkilatı bu çağırışa əməl etməsə DEM nə edəcək? Təşkilatın uzantısı kimi davam edəcək, yoxsa demokratik siyasət adı ilə qurumla əlaqələri kəsəcək? Türkiyənin mövqeyi aydındır. Ərdoğan artıq bəyan edib ki, ya silahlarını yerə qoyacaqlar, ya da o silahlarla birlikdə dəfn ediləcəklər”.
Xatırladaq ki, Öcalan bundan əvvəl PKK və ona bağlı qruplaşmaları tərksilah olmağa, silahlı mübarizəyə son qoymağa və özlərini buraxmağa çağırmışdı.
KCK-yə gəlincə, tam adı “Kürdüstan İcmaları Birliyi” olan qurum Abdullah Öcalanın nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan çətir təşkilatıdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya) daxildir.