
BAKI, 24 fevral. TELEQRAF
Suriyanın paytaxtı Dəməşqin Sibeyne bölgəsində devrilmiş Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərə aid olduğu düşünülən kütləvi məzarlıq aşkarlanıb.
Teleqraf xəbər verir ki, məzarlıq Suriya mülki müdafiə qrupları tərəfindən bir binanın zirzəmisində tapılıb.
Mülki Müdafiə qrupundan Ammar Salmo bildirib ki, vətəndaşın məlumatı ilə binaya gələn qruplar öldürüldükdən sonra yandırılmış cəsədlərin qalıqlarını aşkar ediblər.
Salmo qeyd edib ki, qruplar 20 nəfərin qalıqlarını müəyyən ediblər, lakin bu say 50-yə yüksələ bilər.
Ammar Salmo, cəsədlərin təkərlərlə yandırıldığını, bəzi sümük qalıqlarında güllə izlərinin olduğunu və uşaqlara aid sümüklərin də tapıldığını açıqlayıb.