
BAKI, 24 fevral. TELEQRAF
Neft İxrac Edən Ölkələr Təşkilatı OPEC və müttəfiqləri hasilat məhdudiyyətlərini yumşaltmaq, yoxsa qiymətləri sabit saxlamaq üçün bu vacib qərarı yenidən təxirə salmaq dilemması ilə qarşı-qarşıyadır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məqalə dərc edib.
OPEC və Rusiya da daxil olmaqla digər böyük istehsalçılardan ibarət OPEC+ alyansı illərdir davam hasilat məhdudiyyətini apreldən tədricən azaldacaq.
Məqalədə qeyd edilir ki, 2023-cü ilin noyabrında 2024-cü ilin birinci rübü üçün elan edilən məhdudiyyətlərin 2,2 milyon barrel/güə çatdırılması yönündə qərar zəif neft tələbi və qlobal hasilatın davamlı artması səbəbindən beş dəfə təxirə salınıb.
Ekspertlərə görə, apreldə bazarın şərtləri OPEC üçün müsbət olmayacaq. ABŞ və digər əsas iqtisadiyyatlar arasındakı getdikcə gərginləşən ticarət münasibətləri neft tələbinin artımına mənfi təsiri göstərəcək.
Məsələnin başqa tərəfi bazardakı neft bolluğudur. “Chevron” tərəfindən idarə olunan Qazaxıstanın nəhəng “Tengiz” yatağının 48 milyard dollarlıq genişləndirilməsi çərçivəsində hasilatın fevralın sonuna qədər gündəlik 260 min barrelə çatacağı gözlənilir. Bu da planlaşdırılandan dörd ay tezdir. Nəticədə, yatağın ümumi hasilatı 1 milyon barrel/günə çatacaq. Bu halda Mərkəzi Asiya ölkəsi hasilat hədəfinə əməl etmək üçün ya hasilat məhdudiyyətlərini dərinləşdirməli, ya da vacib gəlir itkisi ilə üzləşməli olacaq.
Son aylarda Nigeriyada da hasilat artıb. İraqın yarı-muxtar Kürdüstan regionundan isə iki ildən sonra ilk dəfə gündəlik 300 min barrel neft ixracının bərpa olunması ehtimal edilir.
Səudiyyə Ərəbistanına yaxın müttəfiq olan Birləşmiş Ərəb Əmirlikləri də illərdir həyata keçirdiyi iri həcmli sərmayələrdən sonra hasilat gücünü artırmaqdadır. Körfəz dövləti artıq 5 milyon barrel/gün hasilat gücünə çatıb, halbuki hazırda rəsmi istehsal səviyyəsi 3,2 milyon barrel/gündür. Bu kvota cari ildə əlavə 300 min barrel/gün artırılacaq.
ABŞ Enerji Məlumat İdarəsi (EIA) bu ay ABŞ-nin neft hasilatı ilə bağlı proqnozunu cüzi yüksəldərək, 2025-ci ildə yeni rekord olan 13,6 milyon barrel/gün təşkil edəcəyini açıqlayıb. Artım tempinin zəifləməsinə baxmayaraq, hasilatın uzun illər sabit qalacağı ehtimal edilir.
Digər böyük hasilatçı olan Rusiyanın bazara qayıtması ssenarisi də mümkündür. Belə ki, Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışması, ardınca Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli görüş, Moskvaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyaların yumşaldılacağına dair fərziyyələrə səbəb olub.
İllərdir qiymətləri sabit saxlamaq məqsədi ilə OPEC-in hasilat gücünü məhdudlaşdırması, bazar payının tədricən azalmasına gətirib çıxarıb. Bunun fonunda alyansa daxil olmayan istehsalçılar hasilatlarını artırıb. Buna Texas və Nyu-Meksikodakı Perm şist yataqlarından hasilat da daxildir. Nəticə etibarilə ABŞ dünyanın ən böyük neft istehsalçısına çevirib.
EIA-nın proqnozuna görə, 2025-ci ildə qlobal neft hasilatı gündəlik 1,6 milyon barrel artacaq və bunun əsas hissəsi ABŞ, Kanada, Braziliya və Qayana kimi qeyri OPEC+ ölkələrinin hesabına baş verəcək.
Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, 2025-ci ildə neft təchizatının artımı qlobal tələbi üstələyəcək. Neft tələbinin ötən il 870 min barrel/gün artmasından sonra, gələn il 1,1 milyon barrel/gün yüksələcəyi gözlənilir.
Beləliklə, OPEC+ məhdudiyyətləri aradan qaldırmağı yenidən təxirə salmaq qərarına gələ bilər. Lakin bu seçim nəticəsiz qalmayacaq. Alyansın bazardakı nüfuzu və payı daha da zəifləyə bilər.
Qeyd edək ki, OPEC+ son illərdə neft bazarlarında nisbi sabitliyi qoruya bilib. “Brent” markalı xam neftin qiyməti 2021-ci ildən bəri, Moskvanın Ukraynaya müdaxiləsindən sonra yaranan bir neçə aylıq dalğalanma istisna olmaqla, bir barrel üçün 70-100 dollar diapazonunda qalıb.