BAKI, 22 fevral. TELEQRAF

İsrail hakimiyyəti Qəzzə zolağına dağıntıların təmizlənməsi üçün lazım olan ağır texnikanın girişinə icazə vermir.

Teleqraf xəbər verir ki, bu barədə Al Jazeera telekanalı Fələstin rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 500-dən çox texnika – buldozerlər, ekskavatorlar, kranlar və yük maşınları Qəzza sərhədində dayanıb və əraziyə buraxılmır. Bu texnikaların müharibənin fəsadlarını aradan qaldrmaq və dağıntılar altında qalan meyitləri çıxarmaq üçün vacib olduğu vurğulanıb.

"On minlərlə insan dağıntılar altında qalmış şəhər və düşərgələrdə yaşamağa məcburdur”, - səlahiyyətlilər bildirib.

Xatırladaq ki, İsrail-HƏMAS münaqişəsi 19 yanvar 2024-cü ildə Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəslə dayandırılıb.

Lakin bölgədə humanitar vəziyyət hələ də gərgin olaraq qalır.