BAKI, 24 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun "Zirə" - "Kəpəz" oyunu başa çatıb.
Teleqraf xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilmiş turun son qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. İlk qolu 62-ci dəqiqədə Rafael Utziq vurub. 90+2-ci dəqiqədə isə Rüstəm Əhmədzadə fərqlənib.
Bununla da xallarını 45-ə çatdıran "Zirə" "Araz-Naxçıvan"ı şəxsi göstəricilərdə üstələyərək, 2-ci pilləyə yüksəlib. "Kəpəz" isə 19 xalla 9-cu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” evdə “Sumqayıt”ı, "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlubiyyətə uğradıb - 1:0. “Araz-Naxçıvan” “Səbail”lə 0:0, “Qarabağ” “Sabah”la 1:1 hesablı heç-heçə edib.
**** 18:59
Ötən gündən təxirə salınan Azərbaycan Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" oyunu nəhayət, başlayıb.
Teleqraf xəbər verir ki, baş hakim Rauf Cabbarov start fitini saat 18:59-da səsləndirib.
Qarşılaşmadan əvvəl "Zirə"nin hücumçusu Davit Volkova komandada 100-cü oyununu keçirməsi münasibətilə 100 nömrəli forma təqdim olunub.
***
Zirə İdman Kompleksinin stadionunda oyun üçün hazırlıq prosesi yekunlaşmaq üzrədir.
Teleqraf xəbər verir ki, Peşəkar Futbol Liqası bununla əlaqədar “Zirə” klubunun rəhbərliyinə və əməkdaşlarına, göstərdiyi yüksək anlayışa görə isə “Kəpəz” klubuna təşəkkür edib.
“Zirə” - “Kəpəz” matçı stadionda VAR, həmçinin digər texniki avadanlıqların tənzimlənməsi və yoxlanılması işləri aparıldıqdan, eləcə də komandaların isinmə hərəkətlərindən sonra start götürəcək.
CBC Sport isə oyunun saat 19:00-da başlanacağını bildirib.
*** 14:27
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" oyununun başlama saatı dəyişdirilib.
Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma daha əvvəl elan olunduğu kimi 16:00-da yox, 18:00-da start götürəcək. Dəyişiklik görüşün keçiriləcəyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi üçün edilib.
Qeyd edək ki, "Zirə" - "Kəpəz" matçı ötən gün saat 17:00-da baş tutmalı idi, lakin hava şəraitinə görə bu günə təxirə salınıb.