
BAKI, 24 fevral. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Teleqraf xəbər verir ki, çıxışında Prezident İlham Əliyev qarşılıqlı səfərlər əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdiridiyini vurğulayıb.
Dövlət başçısı deyib:
“Cənab Baş nazir ötən il və 2023-cü ildə ölkəmizə səfər edib. Mən isə ötən il Pakistanda dövlət səfərində olmuşam. Bu gün əziz qardaşım Azərbaycana dövlət səfərinə gəlib.
Bütövlükdə bu dinamika, əslində, ölkələrimiz arasında sıx münasibətləri əks etdirir. Bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq.
İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.