
BAKI, 24 fevral. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahunun yüzlərlə fələstinli məhbusun azad edilməsini təxirə salması HƏMAS-la atəşkəsin gələcəyini daha da qeyri-müəyyən hala salıb.
Teleqraf xəbər verir ki, bu barədə "Euronews" Baş nazirin ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri girovların təhvil verilməsi zamanı alçaldıcı mərasimlər olmadan və növbəti şəxslərin azad ediləcəyinə dair təminat verilənədək fələstinli məhbusları buraxmayacaq.
Əslində, bu proses şənbə günü HƏMAS-ın altı girovu buraxmasından dərhal sonra baş verməli idi və atəşkəsin ilk mərhələsindəki ən böyük məhbus mübadiləsi olacaqdı.
Lakin İsrailin qəfil qərarı ilə əsirlərin sərbəst buraxılması ikinci bir əmrlə təxirə salınıb.
Xatırladaq ki, 2 gün əvvəl altı israilli girovdan beşi maskalı və silahlı döyüşçülərin müşayiəti ilə kütlə qarşısında azadlığa buraxılmışdı. Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsi bu görüntüləri sərt tənqid edərək “amansız bir nümayiş” kimi dəyərləndirib.
İsrailin açıqlamasında gecikmənin səbəbi kimi girovların şərəfini alçaldan mərasimlər və onların təbliğat məqsədilə istifadəsi göstərilib.