BAKI, 21 fevral. TELEQRAF

Donald Tramp ABŞ-də prezident olduğu dövrdə İran nüvə silahına sahib olmayacaq.

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ-nin Dövlət katibi Marko Rubio səsləndirib.

“Mən düşünmürəm ki, burada kimdəsə şübhə olmalıdır. Donald Tramp hakimiyyətdə olduğu müddətdə İranın nüvə silahı olmayacaq”, – Rubio jurnalist Ketrin Herricə müsahibəsində bildirib.

Bundan əvvəl, fevralın 7-də İranın ali dini lideri ayətullah Əli Xamenei ABŞ ilə danışıqların mümkün olmadığını diqqətə çatdırıb. O, Vaşinqtonun 2015-ci ildə nüvə sazişi imzaladığını, lakin onun şərtlərini yerinə yetirmədiyini, anti-İran sanksiyalarını ləğv etmədiyini və 2018-ci ildə birtərəfli qaydada bu müqavilədən çıxdığını xatırladıb.

Donald Tramp isə fevralın 10-da İranın nüvə silahı hazırlamasının qarşısını almağın iki yolu olduğunu söyləyib.

Onun fikrincə, bu, ya “bombalar vasitəsilə”, ya da yeni bir saziş imzalamaqla mümkündür.

Ağ Ev rəhbəri Tehranla razılaşma əldə etmək istədiyini və hərbi müdaxiləyə üstünlük vermədiyini vurğulayıb.