BAKI, 20 fevral. TELEQRAF

PKK terror təşkilatının lideri Abdullah Öcalanın gözlənilən təşkilatın tərksilah edilməsi və ləğvi ilə bağlı çağırışından əvvəl maraqlı proseslər gedir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalının yazarı Mehmet Acet məlumat verib.

Onun sözlərinə görə, Öcalan bundan öncə PKK-nın Qəndildəki (İraq) əsas düşərgəsi, Suriya və Avropadakı üzvlərinə məktublar göndərib:

“Ötən həftə təşkilatın Qəndildəki liderlərindən biri Cəmil Bayık Öcalanın məktubunun onlara çatdığını açıqlayıb.

PKK-ya bağlı DEM Partiyasının sözçüsü Ayşəgül Doğan bu barədə deyib: “Öcalanın məktubu Qəndil, Avropa, Şimali və Şərqi Suriyadakı əlaqədar tərəflərə çatdırılıb”.

Məktubdan başqa Suriyadan konkret və diqqətçəkən xəbərlər gəlməyə başlayıb.

SDQ terror təşkilatı və onun siyasi qolu olan “Suriya Demokratik Şurası”nın ötən gün keçirdiyi toplantıda aşağıdakı qərarlar qəbul edilib:

- “Suriya Demokratik Qüvvələri” (SDQ) və silahlı ünsürlərin Suriya ordusuna daxil edilməsi ilə bağlı razılıq əldə olunub;

- Suriyanın şimalı və şərqində dövlətin mülki və xidmət müəssisələrinin fəaliyyəti bərpa olunacaq;

- Əcnəbi yaraqlılar SDQ-nin sıralarından və Suriyanın şimal-şərq bölgələrindən çıxacaq;

- Suriya hökuməti ilə koordinasiyanı və milli məsələlərdə əməkdaşlığı gücləndirmək üçün görüşlər intensivləşdiriləcək.

- Suriyanın birliyini təsdiqləmək üçün qaçqın və köçkünlərin öz şəhər və kəndlərinə qayıtmaları asanlaşdırılacaq və onlara yaşayış üçün lazımi şərait yaradılacaq.

- Suriya Prezidenti Əhməd Şəra təbrik edilib və ölkənin şimal-şərq bölgələrinə səfərə dəvət olunub.

- Anlaşmanın səmərəli həyata keçirilməsi üçün planlar və mexanizmlərin işlənib hazırlanması üçün birgə komitələrin yaradılması razılaşdırılıb”.

Acet qeyd edib ki, bu qərarlar əsasında Dəməşqlə PYD/YPG terror təşkilatının əsas onurğasını təmsil edən SDQ arasında razılığın əldə edildiyini düşünmək olar:

“Bununla belə, Dəməşq YPG-nin “ordu daxilində ordu” sayılan bir statusda olmasını istəmir. Bu hadisələrin Öcalanın məktubunun məzmunu ilə üst-üstə düşdüyünü güman etmək olar”.

Qeyd edək ki, DEM Partiyası PKK liderinin gözlənilən çağırışının fevralın sonunadək olacağını açıqlamışdı.