
BAKI, 21 fevral. TELEQRAF
İsrail Qəzzada atəşkəs rejimini 350 dəfədən çox pozub.
Teleqraf xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı Qəzza zolağındakı səlahiyyətli şəxslərə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün beynəlxalq vasitəçilər İsrailə təzyiq göstərməlidir.
Məlumata görə, sözügedən bölgədə yaşayanların ehtiyacını qarşılamaq üçün azı 60 min mobil ev və 200 min çadır tələb olunur.
Bundan əlavə, Qəzza rəsmiləri münaqişədən sonrakı bərpa prosesinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin zəruriliyini vurğulayıb.
Xatırladaq ki, yanvarın 15-də Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında girovların azad edilməsi və atəşkəs barədə razılaşma əldə olunduğunu elan edib.
Yanvarın 19-da qüvvəyə minən bu razılaşma üç mərhələdən ibarətdir. İlk mərhələdə 42 gün ərzində HƏMAS 33 israilli girovu azad etməli, əvəzində isə qarşı tərəf İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusları buraxmalıdır.